Advertisement

Şuşada “NexGen: Sosial İnnovasiyalar Forumu” keçirilir (FOTO)

Şuşa. Trend:

Şuşa şəhərində “Şuşa İƏT-in Gənclər Paytaxtı” beynəlxalq
proqramı çərçivəsində “NexGen: Sosial İnnovasiyalar Forumu”
keçirilir.

Trend xəbər
verir ki, aralarında dövlət məmurları, İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Gənclər Forumunun və İƏT-ə üzv ölkələrin
nümayəndə heyətləri, müxtəlif strukturların, təşkilatların rəhbər
şəxsləri və gənclərin nümayəndələrinin olduğu forum iştirakçıları
sosial-məişət problemlərinin geniş spektrə malik konsepsiyaları və
praktiki nümunələri ilə tanış olub.

Tədbirdə müxtəlif sahələrdən olan nümayəndələr mövzu ilə bağlı
ümumi anlayışı zənginləşdirmək, bu sahədə gələcək müzakirələrə və
araşdırmalara təkan vermək üçün öz təcrübə və fikirlərini
bölüşüb.

Eyni zamanda, iştirakçılar anlayışın inkişafına və ümumi
səylərin birləşdirilməsinə yönəlmiş müxtəlif müsabiqələrdə fəal
iştirak edirlər.

Bu tədbirlər təmaslar şəbəkəsinin qurulmasına, təcrübə
mübadiləsinə və iştirakçılar arasında innovativ düşüncənin
təşviqinə təkan verməyə kömək edir ki, bu da forumu daha da dinamik
və məhsuldar edib.

Qeyd edək ki, iyunun 3-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa İslam Əməkdaşlıq
Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramına start
verilib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatın
üzvü olan ölkələrin şəhərlərindən “Gənclər Paytaxtı” seçir və il
boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının
11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yekdilliklə
İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” beynəlxalq
proqramının 10-cu ev sahibi olaraq seçilib.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT “Gənclər Paytaxtı” elan
edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası
Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq
təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif
qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən
150-dən çox gənc iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək
səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq
Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar
Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“
adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli
qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər,
o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman,
mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların
artırılması mövzularında layihələr təşkil olunacaq.
Tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.

Xatırladaq ki, İƏT “Gənclər Paytaxtı” beynəlxalq proqramı
2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər
Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər
nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT “Gənclər
Paytaxtı” Türkiyə Respublikasının İstanbul şəhəri olub. Şuşa İslam
dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin
oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci
iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam
Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun