Advertisement

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olundu

Bakı. Trend:

Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir
təyin olunub.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin
Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət
Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə
bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Qax şəhər 1
nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi
işləyib.

2010-2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində
təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013-2014-cü illərdə
Qax rayon təhsil şöbəsində metodist, 2014-2022-ci illərdə metodik
kabinetin direktoru vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil
İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin
inkişafı” layihəsində mentor, 2019-2022-ci illərdə “İcma əsaslı
məktəbəqədər təhsilin inkişafı” “Steam”, “Peşə təmayüllü siniflər”
layihələri üzrə koordinator kimi fəaliyyət göstərib.

2021-2022-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
“Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi
təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün
“Məktəb inspektoru” kimi çalışıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I,II və IV qrant
müsabiqələrinin qalibi olub.

2022-ci ilin aprel 29-dan Şəki-Zaqatala Regional Təhsil
İdarəsinin müdiri müavini vəzifəsində çalışıb. 19 dekabr 2023-cü
ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini
icra edir.

Evlidir, 2 övladı var.