Advertisement

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

Bakı. Trend:

Xidmət sektoru üzrə mobil tətbiq və onlayn platformalar
yaratmış daha 6 KOB subyekti mənfəət və ya gəlir vergisindən azad
edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap”
şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB
subyektlərinin sayı 151-ə çatıb.

“Startap” şəhadətnamələri “Money-Tunnel” MMC-nin maliyyə
təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət
Gülmalızadənin interaktiv video təlim və kommunikasiya platforması,
“Yax” MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, “Jİ Studio”
MMC-nin süni intellekt əsasında veb səhifələrin dizaynı və
hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv
mükafatlandırıcı onlayn yarış platforması, “Ainuverse” MMC-nin
video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün
təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il
müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
keçiddən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi