Advertisement

Ötən il fəlsəfə və elmlər doktoru proqramı üzrə buraxılış artıb

Bakı. Trend:

Keçən il Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramı üzrə
buraxılış artıb.

Trend xəbər verir ki, bu
barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bildirilib ki, bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının
artırılmasında böyük rola malik 116 ali təhsil müəssisəsi və elmi
təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 52,1 faizi
qadın olmaqla 3170 nəfər təhsil alıb. Təhsil alanların 80,8 faizi
fəlsəfə, 19,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil
alıb.

Təhsil alanların 31,9 faizi elmi müəssisə və təşkilatlarda, 68,1
faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb.
Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 28,6 və
71,4 faiz, elmlər doktoru proqramı üzrə isə 45,6 və 54,4 faiz
təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 58,3 faizi 30
yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə
27,6 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2552 nəfərin 540-ı
iqtisad, 413-ü texnika, 250-si filologiya, 172-si tibb, 148-i
pedaqogika, 127-si biologiya, 112-si siyasi, 105-i yer elmləri,
95-i tarix, 92-si hüquq, 86-si aqrar, 73-ü riyaziyyat, qalanları
isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantların 111 nəfəri filologiya, 72 nəfəri iqtisad, 55
nəfəri texnika, hər birində 48 nəfər olmaqla 96 nəfəri tibb və
biologiya, 42 nəfəri aqrar, 37 nəfəri tarix, 33 nəfəri kimya, 30
nəfəri yer elmləri, 28 nəfəri hüquq, hər birində 19 nəfər olmaqla
38 nəfəri sənətşünaslıq və pedaqogika, 16 nəfəri siyasi elmlər, 15
nəfəri riyaziyyat, 35 nəfəri isə digər sahələrdə elmlər doktoru
proqramı üzrə təhsil alır.

2022-ci illə müqayisədə keçən il fəlsəfə doktoru proqramı üzrə
buraxılış 0,4 faiz artaraq 613 nəfər, elmlər doktoru proqramı üzrə
isə 21,2 faiz artaraq 120 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə
doktoru proqramı üzrə 687 nəfər, elmlər doktoru proqramı üzrə isə
111 nəfər doktoranturaya qəbul olunub.

Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 262
dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar
təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan
dissertantların sayı 100 nəfəri qadın olmaqla 185 nəfərə
bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix,
fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub.