Advertisement

TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar İclası çərçivəsində
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova,
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan
Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Özbəkistan
Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali
Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan
Milli Assambleyası sədrinin müavini Marta Matrai, TÜRKPA-nın Baş
katibi Mehmet Süreyya Er və nümayəndə heyətlərinin üzvləri iyunun
6-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Parlamentdən Trend-ə verilən
məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad
edib, məzarı önünə əklil qoyub.

Sonra nümayəndə heyətləri tərəfindən Şəhidlər xiyabanı ziyarət
olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə
canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi
ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi
məşəl” abidəsinin önünə əklil qoyulub.