
Bakı. Trend:
Bir müddət əvvəl Bakıda parkinq qiymətlərinin bahalaşması yeni
çoxmərtəbəli binalarda avtomobillərimizi harada saxlayaq problemini
aktuallaşdırıb. Çünki çoxmənzilli binaların əksəriyyətində ya
parkinq yoxdur, ya avtomobil saxlamaq üçün yer azdır.
Bəs, yeni binaların tikilməsi zamanı sakinlərin
avtomobillərini saxlaması üçün yer nəzərdə
tutulmalıdır?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak
və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, normativ qaydalara
görə yaşayış kompleksində mənzil sayına görə qarajda neçə avtomobil
olmalıdır deyə məsələ yoxdur.
“Bunu layihəni icra edən tikinti şirkəti özü təyin edir. Şirkət
öz planına uyğun olaraq tənzimləyir ki, parkinq neçəyə başa gələcək
və bunun neçə faizini sata biləcək. Adətən paytaxtdan kənar
ərazilərdə parkinq yerlərini satmaq çətin olur. Bu səbəbdən həmin
ərazilərdə parkinq yerləri çox az tikilir. Paytaxtda isə satılacaq
sayda tikilir. İnşaat normativinin həddinə görə təxminən 1 ha 27
000 min kvadrat metrdən çox tikmək olmaz. Lakin yeraltı parkinqlər
normativə düşmədiyindən istənilən qədər dayanacaq tikmək olar”, – o
deyib.
Ekspert qeyd edib ki, əgər çoxmənzilli yaşayış binası tikilirsə
onun yeraltı parkinqi mütləq olmalıdır.
“Yoxsa dövlət ekspertizasından keçməyəcək. Bakıda parkinq
yerləri əsasən sahəsinə görə satılır. Paytaxtda yeraltı
parkinqlərdə bir avtomobil yerinin qiyməti yerindən asılı olaraq
20000 manatdan başlayaraq, 100000 manata qədər davam edir. Evlərin
qiyməti bahalaşdıqca parkinq yerlərinin qiyməti də bahalaşır. Bina
tikilib istismara veriləndən sonra mənzillərdə olduğu kimi həmin
dayanacaqlara görə daşınmaz əmlakın dövlət reystrindən çıxarış
alınması mümkündür”, – deyə o əlavə edib.





























