
Bakı. Trend:
Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları
sistemlərinin yaradılması layihəsinin təməli Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 05 may 2023-cü
il tarixində qoyulub.
Trend xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf
nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının
ödənilməsinə hesablanıb.
Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli
içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian
quyuları seçilib. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi
məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin
məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf
kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq
rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun
qazılması nəzərdə tutulub, artıq 3 quyunun qazılması başa
çatdırılıb. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni
quyuların qazılması təmin ediləcək.
Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə
rayonun Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan
4 mərkəzi su anbarının inşası başa çatıb. Hazırda anbarlarda
borulama işləri həyata keçirilir. Su mənbəyindən və anbarlardan
götürülən suyun şəhərə ötürülməsi məqsədilə 10,7 km uzunluğunda
magistral su kəmərlərinin inşası da yekunlaşıb.
Füzuli şəhərinin içməli, tullantı və yağış suları şəbəkələrinin
tikintisi yaşayış kompleksinin yaradılması layihəsi çərçivəsində
həyata keçirilir. Şəhərdə 103 km içməli, 87 km tullantı və 100 km
yağış su şəbəkələrinin inşası davam etdrilir.
Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib
zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr
olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib.
Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi
əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur
elementi SCADA sistemilə təmin ediləcək.
Qeyd: Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin
yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin
və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə ADSEA
tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə
1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə
yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara
qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr
olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su
kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının
təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi
ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli
təmizləyici qurğu quraşdırılıb.





























