
Bakı. Trend:
Artıq 10-cu ildir ki, ADA Universitetində Bahar Gənclik
Festivalı keçirilir.
ADA Universiteti Fondunun və “Coca-Cola” şirkətinin birgə
əməkdaşlığı çərçivəsində keçirilən bu Festival ADA Universitetinin
ənənəsinə çevrilib.
Martın 15-i keçirilən 10-cu Bahar Gənclik Festivalı öz ənənəsinə
sadiq qalaraq yerli və xarici tələbələri, professor-müəllim və işçi
heyətini bir araya gətirib.
Yazın gəlişinin qeyd olunduğu Festivalda bahara həsr olunan və
milli geyimlərimizdən, Azərbaycanın müxtəlif xalça məktəblərinin
nümunələrindən ibarət sərgi təşkil edilib. Tədbir iştirakçıları,
həmçinin musiqi sədaları altında, dicey Çinanın və sürpriz qonaq
Sultan Hüseynin zərb alətlərindəki ifası ilə əyləncəli vaxt
keçiriblər.
Tədbiri daha da yaddaqalan edən ADA Universiteti tələbələrinin və
əməkdaşlarının səhnədə rəqsi, ifaları və “Ən yaxşı xonça”
müsabiqəsi çərçivəsində təqdim etdikləri xonçaların
qiymətləndirilməsi olub. Müsabiqənin qaliblərinə müxtəlif
hədiyyələr təqdim edilib.
Bundan başqa, milli-mədəni dəyərlərimizin təbliğ edildiyi
Festivalda ADA icmasının üzvləri Novruz bayramının qədim
adət-ənənələrindən irəli gələn fərqli rituallarda, rəngarəng
oyunlarda iştirak ediblər, Novruz şirniyyatlarını dadıblar.
Qeyd edək ki, “Coca-Cola” şirkəti ilə birgə təşkil edilən Bahar
Gənclik Festivalı təhsil-özəl sektor tərəfdaşlığının uğurlu
nümunələrindən birini təşkil edir.





























