Bakı. Trend:
Bu günlərdə dünya ictimaiyyəti, ekoaktivistlər Ümumdünya ətraf
mühitin mühafizəsi gününü böyük coşqu ilə qeyd edirlər. Ümumiyyətlə
bu günün qeyd olunması əhali arasında ekoloji şüurun
genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin
yönəldilməsinin vacibliyindən irəli gəlib və 16 dekabr 1972-ci ildə
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci
sessiyasında elan edilib.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Məzahir
Əfəndiyev deyib.
“Eyni zamanda, Baş Assambleyanın həmin sessiyasında BMT
sistemində yeni təşkilat — BMT Ətraf Mühit Proqramı (UNEP)
yaradılıb. Azərbaycan da öz növbəsində ətrah mühit problemlərinin
həlli istiqamətində UNEP-lə yaxından əməkdaşlıq edir. Təsadüfi
deyil ki, 2010-cu ildə Ümumdünya Ətraf Mühit Gününün Avropa
regionunda qeyd edilməsi üçün məhz Bakı şəhəri mərkəz şəhərlərdən
biri olaraq seçilib.
Qeyd edim ki, keçən müddət ərzində UNEP Azərbaycan hökuməti ilə
yanaşı olaraq, Heydər Əliyev Fondu ilə də yaxından əməkdaşlıq
etmiş, birgə layihələrin həyata keçirilməsinə nail olmuşdur. Heydər
Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə
beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi Leyla xanım
Əliyeva UNEP-in həm mərkəzi, həm də regional ofislərində bir sıra
görüşlər keçirərək ümumbəşəri ekoloji problemlərin həlli
istiqamətində müzakirələr aparıb.
Bu gün gördüyümüz ondan ibarətdir ki, qlobal ictimaiyyət yalnız
xüsusi günlərdə deyil, artıq hər gün ətraf mühitin təmiz
saxlanılması və qorunması istiqamətində əməli işlər həyata keçirir.
Dünyada cərəyan edən transformasiya prosesləri, eləcə də
nəzərəçarpan hadisələr birbaşa olaraq ekoloji mühitin pozulması və
iqlim dəyişikliyi fonunda baş verirlər. Bu proses özü-özlüyündə
məsul dünya dövlətləri tərəfindən ciddi addımlar atılmasını, ortaya
daha aydın mövqe qoyulmasını diktə edir. BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il təşkil
olunan COP tədbirlərində biz bu istiqamətdə görülən işləri müşahidə
edirik”, – o bildirib.
Deputatın sözlərinə görə, bu il COP29-un Azərbaycanda
keçirilməsi ilə bağlı verilən qərar Azərbaycanın, Azərbaycan
xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara
hər zaman həssaslıq nümayiş etdirdiyinin, bu sahədə bütün ölkələrin
maraqlarına, mənafelərinə cavab verən tədbirlərin həyata
keçirilməsində göstərdiyi dəstəyin əyani sübutudur.
“Əsrlərdir Azərbaycan xalqının təbii sərvəti olan neft və qaz bu
gün alternativ “yaşıl” enerjinin əldə olunmasında mühüm bir vasitə
olaraq, ümumilikdə Azərbaycan hökumətinin enerji siyasətinin
formalaşdırmasına, bütün xalqların rifahına və dayanıqlı inkişafına
töhfə verməkdədir. Prezident İlham Əliyevin səsləndirdiyi kimi,
“Biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni
zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında
körpülər qurmağa çalışırıq.”
Bu məcrada, 04-06 iyun 2024-cü il tarixlərində Bakı Enerji
Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian
Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji –
“Caspian Power” sərgiləri keçirildi və dünyanın ən qabaqcıl,
ambisioz ölkələrinin təmsilçiləri burada iştirak edirdilər.
Həftənin ən diqqətəlayiq məqamlarından biri isə Amerika
Birşləmiş Ştatlarının, Türkiyə Cümhuriyyətinin, Birləşmiş Ərəb
Əmirliklərinin, Avropa İttifaqının rəhbərliyinin bu tədbirə xüsusi
diqqət yetirməsi və həmin ölkə liderləri tərəfindən Azərbaycan
Prezidentinin şəxsinə, o cümlədən bütün tədbir iştirakçılarına
edilən xoş müraciətlər idi.
Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi,
COP29-un əsas məqsədi kimlərin günahkar olduğunu müəyyən etmək
deyil, planetimizin inkişafına töhfə verə biləcək yanaşmaların
mexanizmə çevrilməsidir. Məhz həmin mexanizm az inkişaf etmiş, bu
sahədə geridə olan dövlətlərin ətraf mühitin qorunması, eləcə də
iqlim dəyişikliyi ilə mübarizə prosesində iştirakçılıqlarını təmin
etmək, qəbul olunmuş qərarların icrasına nail olmaq yollarını
ortaya qoyacaqdır.
Bu gün Azərbaycan 120 ölkənin birləşdiyi, BMT-dən sonra dünyada
ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd ilə yaxın sədrliyi
dövründə nümayiş etdirdiyi əzmkarlığını COP29-un keçirilməsində də
göstərəcək və qarşıda duran vəzifələrə nail olmaq üçün səylərini
əsirgəməyəcək”.





























