Bakı. Trend:
“Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən
dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6
ay uzadılacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.
“Pensiya yaşı ilə bağlı diferensial yaş mexanizminin tətbiq
olunmasını və kişilər ilə xanımların pensiya yaşı arasında fərqin
müəyyənləşdirilməsini təklif edirik. Bir sıra inkişaf etmiş
dövlətlərdə, o cümlədən, Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu
kimi, xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.
Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az
olması onların sosial təminatı baxımdan vacibdir. Bu baxımdan, daha
öncə xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif
edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial
təminata daha çox ehtiyacları var.
Digər tərəfdən, kişilərin rəsmi əməkhaqqı xanımlarla müqayisədə
təxminən 2 dəfə çoxdur. Bu, o deməkdir ki, xanımların sosial
kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız
üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala
vurulmasını təklif edirik.
Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa,
həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik
olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım
vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya
alsın.
Düşünürük ki, pensiya islahatlarının növbəti mərhələsində gender
aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat
baxımdan arzuolunan olardı”, – deyə o bildirib.





























