Advertisement

18 mindən çox abituriyent imtahan verəcək

Bakı. Trend:

İyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər
ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas
qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər
üçün coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək.

Trend xəbər verir ki, bu
barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt,
Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran
və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin
saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İnformatika fənni üzrə imtahanda 11804, coğrafiya fənni üzrə
imtahanda isə 6636 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan
binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78
ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240
buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.

İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Qeyd olunub ki, I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu
üzrə DT və TC altqruplarının hər ikisini seçən, lakin 26 may və 2
iyunda keçirilən əsas imtahanda iştirak etməyən abituriyentlərin 9
iyunda keçiriləcək informatika və ya coğrafiya fənləri üzrə əlavə
imtahanda iştirak etmələrinin hüquqi əhəmiyyəti yoxdur.