Advertisement

Çimərliklərdə dəniz suyunun monitorinq nəticələri AÇIQLANDI

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya
Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər
Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə 2024-cü ilin yay
mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri,
respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində
yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz
suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının
aparılması məqsədilə monitorinqlər keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, laboratoriya
müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna,
Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və
Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji
göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil,
Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt
şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni
zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama,
Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara
çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli
monitorinqlər keçirilib.

Aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz
suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun
tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də
davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə
göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi
müəyyən edilib.

2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək
bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün
təhlükə yarada biləcəyini nəzərə alaraq, “Sanitariya-epidemioloji
salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun
Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin
(Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran
və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə
olunmadığı barədə qərar qəbul edilib.

Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı
sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı
maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və
bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.

Hazırda çimərliklərdə dəniz suyunun laborator tədqiqat
üsullarından istifadə etməklə nəzarət tədbirləri davam etdirilir.
Monitorinqlərin nəticələri barədə ərazi üzrə Bakı şəhər İcra
Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Baş Polis
İdarəsi, Fövqəladə Hallar Nazirliyi, respublikanın ərazi üzrə rayon
İcra hakimiyyətlərinə və polis idarələrinə rəsmi məlumatlar
göndərilir.