
Bakı. Trend:
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Xəstəxanasında
birgünlük cərrahiyyə xidməti istifadəyə verilib.
Bu barədə Trend-ə media-tur çərçivəsində açıqlama verən Mərkəzin
cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov qeyd edib ki,
cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə
(əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş
verir.
“Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda
dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik
cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla
bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin
təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan
istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin
qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində
cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”, – deyə
o bildirib.
R.Qasımov qeyd edib ki, bir sıra təcili, planlı cərrahi xidmət
tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar
çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal
günlük həyat tərzinə qayıtmaqda fayda verəcək.





























