
Bakı. Trend:
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə
mənzillərin açarları təqdim olunub.
Trend xəbər verir ki, 34 ailə olmaqla, 123 nəfər Füzuli sakini
doğma yurduna qovuşub.
Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif
ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq
tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən
ibarət olub.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və
partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat
verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq
durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara
xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov
və digər şəxslər iştirak ediblər.
Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində
məskunlaşıblar.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam
edəcək.





























