
Bakı. Trend:
1-3 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik naminə
dialoq” mövzusunda Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyasının 48-ci
sessiyasının sənədi kimi dərc olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT
yanında daimi nümayəndəliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi”
təşəbbüsü BMT-nin Baş katibinin çıxışlarında və bu təşkilatın rəsmi
sənədlərində mədəniyyətlərarası dialoqa dair vacib qlobal təşəbbüs
kimi yüksək qiymətləndirilib. Bu, Prezident İlham Əliyevin
liderliyində Azərbaycan Respublikasının dünyada sülhə,
əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin
beynəlxalq aləmdə təqdir olunmasının sübutudur.
Xatırladaq ki, Azərbaycan hökumətinin təşkilatçılığı,
UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm
Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək
səviyyəli qonaqlar və mütəxəssislər iştirak ediblər. Forumda 4
plenar sessiya və aktual mövzularda 12 panel təşkil olunub. Forumun
bir sıra panelləri Şuşada və Ağdamda da keçirilib.





























