
Bakı. Trend:
Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər
oğurlayan şəxslər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər
ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından
pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə
çoxsaylı şikayətlər daxil olub.
Hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən
törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının
həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli
bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin
araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq
oğurluq etdiyi müəyyən edilib.
Qeyd edilib ki, bu şəxs əvəllər də oğurluq etdiyi üçün məhkum
olunub və bu ilin fevralında azadlığa buraxılıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı
şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus
velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il
təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə
olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun
Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə
bilərlər.





























