
Bakı. Trend:
Rəy liderləri və sənaye mütəxəssislərini bir araya gətirən Bakı
Süni İntellekt Forumunda yeni texnologiyaların transformasiya
potensialı müzakirə olundu. Tədbir iştirakçıları süni intellektin
ən son tendensiyaları, tətbiqi və inkişaf perspektivlərini özündə
əks etdirən təqdimatlarla tanış oldular, panel müzakirələri və
interaktiv seminarlara qatıldılar.
Azercell-in Müştəri Xidmətləri və Omni-Kanal İdarəetmə
departamentinin direktoru Səbinə Zamanova çıxışında süni
intellektin telekommunikasiya sahəsində tətbiqi və xüsusilə də
müştərilər ilə birbaşa ünsiyyətdə istifadə imkanlarını gündəmə
gətirdi. S.Zamanova Azercell-in Azərbaycanın telekommunikasiya
sahəsində bir ilkə imza ataraq süni intellekt əsasında istifadəyə
vermiş “Aicell” Virtual Assistent xidməti haqqında məlumat verdi.
Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell”in
abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal
yerinə yetirmə xüsusiyyəti forum iştirakçılarının diqqətini çəkdi.
Belə ki, müştəri sorğularını operativ şəkildə emal edən Virtual
Assistent daha qısa müddət ərzində daha çox müraciətin
cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət
edilməsinə dəstək olur.
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik”
strateji məqsədinə sadiq qalaraq yeni texnologiyaların tətbiqi ilə
müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini
davam etdirir.





























