Advertisement

Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi şəhərin daha çox tanınmasında böyük rol oynayır – Aydın Kərimov (FOTO)

Bakı. Trend:

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Mərakeş
Krallığının Rabat şəhərində keçirilən “Şuşa günləri” çərçivəsində
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Aydın Kərimov bu gün ICESCO-nun baş qərargahında baş
direktor Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycanın Mərakeş Krallığındakı
səfiri Nazim Səmədov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı
direktoru Tural Novruzov, nümayəndəlik və qoruğun digər
əməkdaşları, eləcə də ICESCO-nun məsul şəxsləri iştirak ediblər.
Səmimi dostluq şəraitində keçən görüş zamanı vurğulanıb ki, 2024-cü
il üçün Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi
tarixi, zəngin mədəniyyəti olan şəhərin böyük İslam dünyasında daha
çox tanınmasında, turizm potensialının artmasında, eyni zamanda,
beynəlxalq müstəvidə əlaqələrin qurulmasında böyük rol oynayır.

Bir müddət əvvəl Şuşaya baş tutan səfərini, ölkə başçısı İlham
Əliyevlə olan görüşünü ən xoş anlarla xatırlayan Salim bin Məhəmməd
əl-Maliki iyunun 7-də Rabat şəhərində “Şuşa günləri” tədbirinin
ICESCO-nun baş qərargahında keçirilməsini önəmli hadisə
adlandıraraq, bu günün qonaqların yaddaşında unudulmaz iz
qoyacağına əminliyini bildirib.

Görüş zamanı vurğulanıb ki, artıq Şuşa dünyanın müxtəlif
ölkələrindən gələn qonaqları qəbul etməklə yanaşı, bu gün özü də
tarixini, mədəniyyətini, adətlərini fərqli şəhərlərdə nümayiş
etdirməklə qonaq olur.

Görüşün sonunda baş direktora Şuşadan xatırə hədiyyələri təqdim
edilib.

Daha sonra baş direktor Salim bin Məhəmməd əl-Malikinin dəvəti
ilə ICESCO-nun baş qərargahında yerləşən “Peyğəmbər muzeyi”nə
maraqlı və yaddaqalan ekskursiya təşkil edilib.