Advertisement

Nazirlik gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın
günlər ərzində, əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit
hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan
qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək
çaxacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi xüsusilə
dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin ərazilərə səfər
edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə
əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə
çağırır.

Belə ki, intensiv yağıntılarla əlaqədar mümkün sel və daşqından
qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu
təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq
tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və
müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,
elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən
yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə
alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət
edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!