Advertisement

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirilib

Bakı. Trend:

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması
prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, test imtahanları 16
şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95%
davamiyyət qeydə alınıb.

Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi
kabinetlərinə göndəriləcək. Müəllimlər portal.edu.az platformasının
“Sertifikatlaşdırma” bölməsi vasitəsilə nəticələrlə tanış ola
biləcəklər.

Nəzərinizə çatdırırıq ki, müəllimlər imtahanda təqdim edilən
suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az
platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla
ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul
olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan
ediləcək.

Əlavə olaraq bildiririk ki, təkrar sertifikatlaşdırma prosesinin
müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə
ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş
üzrə komissiyalar 10 iyun tarixindən fəaliyyətə başlayacaq. Yerli
təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar
tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına
baxılacaq.