Advertisement

Azərbaycanda qiymət manipulyasiyası edənlərə qarşı tədbirlər görülüb

Bakı. Trend:

Azərbaycanda qiymət manipulyasiyası edənlərə qarşı tədbirlər
görülüb.

Trend-in
məlumatına görə, bu barədə “Antiinflyasiya tədbirləri və onun
iqtisadi nəticələrinə dair xüsusi bülleten”də deyilir.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən 2022-ci ilin fevralın 21-də Nazirlər Kabinetinin
“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”
Sərəncamı imzalandı.

Sərəncamla tapşırıldı ki, daxili bazarda qiymət manipulyasiyası
üzərində nəzarətin və ölkədə sağlam rəqabət mühitinin
gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların
bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi
hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri
artırılsın.

İdxal inflyasiyasının təsirinin azaldılması məqsədilə idxal
edilən və minimum istehlak səbətinin tərkibindəki ərzaq
məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili
istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq
edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin
verilməsi, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin
optimallaşdırılması da tapşırıqlar sırasına daxildir.

Nazirlər Kabinetinin 21 fevral 2022-ci il tarixli sərəncamı ilə
müəyyən edilən işlərin sürətli icra edilməsi üçün hökümət çevik
addımlar atdı. Qısa müddət ərzində Sərəncamdan irəli gələrək
tədbirlər planı təsdiq edildi və hökümətin bütün aidiyyəti
qurumları operativ addımların atılması üçün bir araya gəldi. Artıq
sərəncamdan qısa müddət sonra Nazirlər Kabinetinin 18 mart tarixli
103 nömrəli Qərarı qəbul edildi.

Qərarla minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra
əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan
malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair
tədbirlər müəyyənləşdirildi. Müəyyən edilən ərzaq məhsullarının və
onların istehsalında istifadə olunan malların gömrük ərazisindən
aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq
mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas
götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata
keçirilib. Bununla da əsas ərzaq məhsulları üzrə 90 günlük
ehiyatların yaradılması istiqamətində vacib işlər görülüb.