Advertisement

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib.
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev
adına Mədəniyyət və İstirahət Parkında baş tutan şənlikdə RİH
başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri,
təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, YAP
Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə
iştirakçıları və ümumilikdə şəhər sakinləri iştirak ediblər.

Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və
bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və
Bahar Qız yazın gəlişini müjdə verməklə abşeronluların
əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas
atributlarından olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla
oyunlar oynayıb.

Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı
qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz
bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir.
Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı
sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan
torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir.
Bayram şənliyinin məşəlini alovlandırmaq üçün cəngavərlər meydana
daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar. Meydanın
mərkəzində alovlanan tonqalın ətrafında dövrə edən milli geyimli
iştirakçılar hər kəsi Parkda yaradılan Novruz guşələrini gəzməyə
dəvət edib.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid
ailələri və müharibə iştirakçıları ilə birgə park gəzintisinə
çıxıb. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm
edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi
ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı
qatıb. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən
müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin,
məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim
milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii
kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı
çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm
sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin
iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar
bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını
şirniyyata qonaq ediblər.

Sonra şəhid ailələri ilə birgə Ulu Öndərin adını daşıyan
Mərkəzdə “Qeyd- Sosial Maarifləndirmə” ictimai birliyinin
təşkilatçılığı ilə düzənlənən “Heydər Əliyev-Unudulmaz lider” adlı
foto xalça sərgisinə baxış keçirilib.

Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron
Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim
edilib.