
Bakı. Trend:
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə
yüksələn Babək Ramaldanov və İsmayıl Mehdiyevin, eləcə də
Azərbaycanın Milli qəhrəmanları Ruslan Muradov və Rəşad Mirabovun
xatirələrinə həsr olunan anım mərasimləri keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin
nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş
yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi
mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin,
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub,
xatirələrinə dualar oxunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə
də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə keçirilən tədbirlərdə çıxış edənlər torpaqlarımızın azadlığı
uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın
göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsində rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq
Qələbədən söz açıblar.
Sonra şəhidlərimizin ömür və döyüş yoluna həsr olunan
videoçarxlar nümayiş olunub.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər,
vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər
səsləndirilib.





























