
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat
İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli
miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla
keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, İstanbul-Bakı
aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları (bir
ailənin üç üzvü) “yaşıl kanal” vasitəsilə hava limanını tərk
edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət
olunublar.
Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və
bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis
çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar
edilib.
İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında
bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük
sərhədindən qanunsuz keçirməyə sövq ediblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
2023-cü il və 2024-cü ilin cari dövrü ərzində gömrük orqanları
tərəfindən qızıl-zinət əşyalarının və qiymətli daşların gömrük
sərhədindən qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib.
Bu faktlar üzrə hüquqpozma predmeti kimi 54 kiloqrama yaxın
qızıl-zinət əşyaları və qızıl külçələrin, 613 karatdan çox qiymətli
daşların qanunsuz keçirilməsinin qarşısı alınıb.
Aşkarlanan son fakt da qızıl-zinət əşyalarının gömrük
nəzarətindən kənar keçirilmə cəhdidir və bu kimi hallara qarşı
mütəmadi mübarizə tədbirləri həyata keçirilir.
İstər qızıl, istərsə də digər məhsulların qanuni idxalı ilə
məşğul olan sahibkarlara və yaxud fiziki şəxslərə gömrük
orqanlarına bəyan edilən mallara görə rəsmiləşdirmə tədbirləri
həyata keçirilir və müvafiq sənədlər təqdim olunur.
Ümumiyyətlə, gömrük və vergi qanunvericiliyinə riayət
olunmasının təmin edilməsi məqsədilə gömrük və vergi orqanları
tərəfindən mütəmadi əsaslarla kompleks birgə tədbirlər həyata
keçirilir.





























