
Bakı. Trend:
İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Neapol küçəsi 8a ünvanı üzrə ərazi partiya
təşkilatında növbəti görüş keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin
Azərbaycan xalqının taleyində həlledici rol oynayan 15 İyun-Milli
Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyini önə çəkərək bildirib ki,
bu tarix Azərbaycan dövlətçiliyinin şanlı qürur səhifəsidir.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi
və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri
qoyuldu. Bu tarix, eyni zamanda, Azərbaycanın tənəzzüldən tərəqqi
yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən
dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə
səciyyələnir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, “Mən
fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı ilə Vətənə, xalqa
sevgisini nümayiş etdirməklə yanaşı, azərbaycançılıq
ideologiyasının təbliğinin prioritetliyini açıqlayan Ümummilli
Lider Heydər Əliyevin dünyada Azərbaycanın rəmzi kimi qəbul
edilməsini şərtləndirən amillər hər birmizə aydındır. Dahi
şəxsiyyət Azərbaycanın müstəqilliyini dönməz, sarsılmaz etdi, dünya
birliyinin fəal üzvünə çevirdi, imzasının imzalar arasında
görünməsini təmin etdi. Ən böyük arzularından birini reallığa
çevirdi – Azərbaycan hər birimizin böyük fəxr hissi ilə qeyd
etdiyimiz kimi, dünyaya Günəş kimi doğdu.
Vüqar Rəhimzadə qeyd edib ki, Qurtuluşdan başlanan yol Ulu
Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanı qalib ölkə kimi
də dünyaya təqdim etdi. Artıq dörd ilə yaxındır ki, bütün
bayramlarımızı, əlamətdar günləri Zəfər sevinci ilə qeyd edirik.
Ötən il isə bu sevincimizə daha bir sevinc, Zəfərimizə daha bir
Zəfər əlavə olundu. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa
edildi. Bu il hər bir bayramımızın, tarixi günlərimizin bütün ölkə
ərazisində qeyd edilməsindən sevincliyik. Artıq ötən ilin 20
sentyabr tarixindən Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərə də
Azərbaycan Bayrağı dalğalanır.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, uğurlarımız
hər birimizi qürurlandırır, daha səylə çalışmağa stimul verir. Ulu
Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası
müstəqillik tariximizdə keçdiyimiz şərəfli yolun bələdçisi kimi
daim Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah
şəraitində yaşamasına öz töhfəsini verir.
Tədbirdə çıxış edən Zemfira Məsiyeva bildirib ki, Azərbaycanın
dünyaya səs salan möhtəşəm uğurlarından günlərlə danışa bilərik.
Dövlət başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla
davam etdirərək Onun şah əsərini daim zəfərlərə aparır.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi
təqdim edilib. Yeni üzvlərdən Hikmət Əhmədov və Sevinc Süleymanova
çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası kimi nüfuz,
milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının
sıralarında təmsil olunmaqdan qürur hissi keçirdiklərini
bildiriblər.





























