Advertisement

Ölkəmizə qarşı dini müstəvidə təhdidləri müşahidə etməkdəyik – Səyavuş Heydərov

Bakı. Trend:

Ölkəmizdə milli, dini həmrəylik çox yüksək səviyyədədir və biz
bunu həyatımızda görürük. Bütün dini konfensiyaların nümayəndələri
bir ailə kimi yaşayır və bu tolerantlıq, multikultural dəyərlər,
birgəyaşayış ənənəsi bizim gündəlik həyat tərzimizdir. Ancaq
dünyamıza nəzər salsaq, görürük ki, ölkəmizə qarşı dini müstəvidə
olan təhdidlər bir an belə səngimir. Yəni ölkəmizə qarşı müxtəlif
formatda, dini müstəvidə təhdidləri müşahidə etməkdəyik.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə
müsahibəsində deyib.

O bildirib ki, istər müsəlman ölkələri tərəfindən, eləcə də,
bəzi xristian yönümlü, yəni Qərb ölkələri tərəfindən bu təhdidləri
görülməkdədir.

“Dinin siyasiləşdirilməsi, məzhəbçiliyin təbliğatı formatında
biz bunu görürük. Eyni zamanda, bu fonda da inanclı insanların
istismarını biz müşahidə edirik. Yəni Allahın göndərdiyi dinlərin
missiyası bu gün öz məcrasından çıxarılaraq alətə, vasitəyə
çevrilir. Din isə öz mahiyyətindən uzaqlaşdırılaraq alətə, vasitəyə
çevriləndə, maraqların icrasına yönələndə, əlbəttə ki, təhlükəli
meyara çevrilir.

Əfsuslar olsun ki, bunu dünyamızda görməkdəyik. Bu gün
Azərbaycanda, cəmiyyətimizdə birlik, həmrəylik mövcuddur. Ancaq biz
bununla sakitləşməməliyik, arxayınlaşmamalıyıq. Çünki din elə bir
sahədir ki, bütün planeti, ölkələri əhatə edir. Ona görə bütün
dünyada, ölkələrdə dini mühit sağlamlaşmalıdır, saflaşmalıdır”, –
deyə Dövlət Komitəsinin sədr müavini əlavə edib.

S.Heydərov qeyd edib ki, bu təhdidləri müstəqilliyimizin ilk
illərindən sonra daha çox görürük:

“Bu müddət ərzində kifayət qədər həm maarifləndirmə, həm də
hüquqi müstəvidə tədbirlər görülür. Dövlətin dini icma və
konfessiyalara qarşı qayğısı göz önündədir. Bütün bunların əsasında
deyə bilərik ki, Azərbaycanda dini durum tam sabitdir. Amma bir an
belə arxayınlaşmaq olmaz. Çünki təhdidlər ciddi və təhlükəlidir.
Bəzən açıq, bəzən də qapalı formatda olur. Ona görə bu məsələdə biz
həmişə ayıq olmalıyıq. Bu məsələ həm ictimaiyyətin diqqətində
olmalıdır, həm də dövlət bunu öz nəzarətində saxlayır”.