Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə
bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Trend-ə daxil olan
müraciətdə deyilir:
“Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması,
istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də
sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.
Mütəxəssislərin də qeyd etdiyi kimi havanın yüksək temperaturu
insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz
növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin
diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya
düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Qeyd edilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi
uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta
saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları
nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə,
yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan
arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola
çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar
postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.
Sərnişinlərə isə isti havalarda sürücünün əhval-ruhiyyəsinə
diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən
nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə
hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur”.





























