Advertisement

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurdu

Bakı. Trend:

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava
şəraiti Şamaxı və Daşkəsən rayonları ərazisində fəsadlara səbəb
olub.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar nəticəsində Daşkəsən rayonu
ərazisində yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə,
Çanaxçı-Alaxançallı, Daşkəsən-Xoşbulaq-Astaf, Quşçu-Zəylik,
Daşkəsən-Dəstəfur-Qıyıqlı, Şamaxı rayonunda isə Dəmirçi, Qonaqkənd,
Qızmeydan, Ərçiman və Qəleybuğurd-Sis-Qaladərəsi avtomobil
yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər
gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara
ziyan dəyib.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal
ərazilərə AAYDA-nın xüsusi texnika və canlı qüvvələri səfərbər
olunub.

Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində
toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin
fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.