Advertisement

AzMİU tədqiqatyönümlü universitetə çevrilmək hədəfinə daha bir addım yaxınlaşdı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının 2022/2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyasında “Elmi tədqiqatların və innovasiyaların
inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi”
fəaliyyət istiqamətinə əsasən ölkəmizdə elmi potensialı yüksək olan
tədqiqat universitetlərinin yaradılması hədəflənib. Əlbəttə ki,
bunun üçün ali məktəblərdə yeni elmi tədqiqat ənənəsinin
formalaşması və qlobal elmi məkana inteqrasiya vacib amildir. Bu da
öz növbəsində universitetlərdə elmi potensialın inkişafını
dəstəkləyən mexanizmlərin tətbiqini labüd edir.

Elmi potensialın inkişafını dəstəkləyən mexanizmlərin tətbiqi
ilə mövcud potensialı inkişaf etdirmək və nəticədə qlobal arenada
universitetin reytinqli ali təhsil müəssisəsinə çevrilməsini
əhəmiyyətli dərəcədə sürətləndirmək mümkündür. Şübhəsizdir ki,
müasir dövrdə universitetlərin əsas müsbət göstəricisi QS, TME və
bu kimi digər aparıcı beynəlxalq reytinq sistemlərindəki
yeridir.

Qarşıya qoyulan hədəflərə çatmaq və Azərbaycan Memarlıq və
İnşaat Universitetinin (AzMİU) tədqiqatyönümlü universitetə
çevirilməsi istiqamətində sistemli işlər həyata keçirilir. Yeni
tədqiqat laboratoriyalarının yaradılması, professor-müəllim
heyətinin, tədqiqatçıların sayının artırılması ilə yanaşı,
AzMİU-nun elmi-tədqiqat institutları ilə mövcud əlaqələri daha da
inkişaf etdirilir, yeni əməkdaşlıqlar qurulur. Bu mənada Riyaziyyat
və Mexanika İnstitutu, İdarəetmə İnstitutu və Radiasiya Problemləri
İnstitutu ilə əməkdaşlıq digər əlaqələrin qurulub inkişaf
etdirilməsi üçün nümunə ola bilər. Məsələn, AzMİU-ya son illər ən
çox elmi kadr Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika
İnstitutundan cəlb olunub. Qeyd edək ki, hazırda universitetin
Riyaziyyat kafedrasında 6 elmlər doktoru, professor fəaliyyət
göstərir. Şübhəsizdir ki, bu həm də AzMİU ilə Riyaziyyat və
Mexanika İnstitutu arasındaki elmi əlaqələrin nəticəsidir.

AzMİU ilə Riyaziyyat və Mexanika İnstitutu arasındakı əlaqələrin
daha da dərinləşdirilməsi, yeni layihələrin işlənilməsi, birgə
tədqiqatların aparılması, kadr potensialının gücündən birgə
istifadə və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilməsi
prosesinə dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və
Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir
Mərdanov imzalayıblar. İmzalanma mərasimində universitetin və
institutun rəhbərliyi, riyaziyyat və mexanika üzrə
professor-müəllim heyəti də iştirak edib.

Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra birgə fəaliyyətlə
bağlı fikir mübadiləsi aparılıb.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qeyd edib ki,
hazırda ölkəmizdə elm və təhsilin inteqrasiyası, universitetlərin
tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməsi üçün əlverişli
mühit formalaşıb: “Bizim uzun illər AMEA-nın institutları ilə
əlaqələrimiz mövcud olub. Hazırda bu əlaqələrin inkişaf etdirilməsi
və yeni əməkdaşlıqların qurulması üçün əlverişli mühit formalaşıb.
Əvvəla, AMEA-nın institutlarının bir qisminin Elm və Təhsil
Nazirliyinin tabeliyinə verilməsi bizim üçün bir strukturda
fəaliyyət imkanı yaradıb. Bundan əlavə, dövlət tərəfindən
göstərilən diqqət və qayğı, həmçinin elm və təhsilin inteqrasiyalı
inkişafına dair tələblər də bu prosesi təşviq edir.

Hazırda AzMİU-da elmi potensialın gücləndirilməsi ilə bağlı bir
sıra istiqamətdə təşviq mexanizmləri formalaşdırılıb. İmpakt
faktorlu jurnallarda çap olunan məqalələrin sayının artırılması ilə
bağlı ciddi iş aparılır. Elmi tədqiqatlara və inkişaf layihələrinə
ayrılan xərclər ilbəil artırılır və layihələr rəqabətli əsasda
maliyyələşdirilir”.

Rektor qeyd edib ki, universitetdə elmi tədqiqatın
gücləndirilməsi istiqamətində həyata keçirilən işlər və ölkə
səviyyəsində tətbiq olunan təşviq mexanizimləri elmi-tədqiqat
müəssisələri, o cümlədən Riyaziyat və Mexanika İnstitutu ilə
əməkdaşlığı daha da aktual edib.

Dəvətə və səmimi qarşılanmaya görə təşəkkür edən professor Misir
Mərdanov AzMİU ilə mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu
ifadə edib: “Düşünürəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün
yaxşı imkanlar mövcuddur. Bu gün həm AzMİU-da, həm də Riyaziyyat
Mexanika İnstitutunda çalışan alimlər mövcuddur. Onların sayəsində
inteqrasiya prosesini daha da sürətləndirə bilərik. Bundan əlavə,
təklif edirəm ki, Riyaziyyat Mexanika İnstitutunun alimləri hansısa
şəkildə tədris prosesinə də qoşulsun və biz elm və təhsil
müəssisəsinin birgə tədris prosesində iştirakı ilə bağlı bir nümunə
yaradaq”.

Professor Misir Mərdanov çıxışında iki müəssisənin
professor-müəllim heyətinin birgə elmi məqalələr çap etdirməsi,
konfransların, seminarların və ustad dərslərinin keçirilməsi, elmi
tədqiqat nəticələrinin mübadiləsi kimi məsələlərə də toxunub.

Qeyd edək ki, AzMİU ilə Riyaziyyat Mexanika İnstitutu arasında
görüş universitetin elmi tədqiqat institutları ilə konseptual
əməkdaşlıq planına əsasən təşkil olunan silsilə görüşlər
çərçivəsində keçirilib.