
Bakı. Trend:
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə
tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması
məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5
hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd
təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları,
ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq
olmayan hissəsində inşa edilə və quraşdırıla bilər.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Aqrar
siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən
Torpaq Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən,
həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq
sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə
istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq
icazə verilir.
Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli
təyinatının dəyişdirilməsi tələb olunmur.
İstixanalar və suvarma infrastrukturlarının inşası və
quraşdırılması zamanı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan
torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum
ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa
edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması
məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə
tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində
hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın
dövlət reyestrində dövlət qeydiyyatına alınır.





























