Advertisement

Təhsil sahəsində qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş
Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş
məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat
xidmətinin məlumatında deyilir.

Bildirilib ki, istintaqla Rüfət Hacıyevin müvafiq olaraq
2017-2022-ci illərdə Quba rayon Təhsil şöbəsi (hazırda ləğv
olunmuş) və 2022-2023-cü illərdə Quba-Xaçmaz Regional Təhsil
İdarəsinin müdiri vəzifəsində işləyərkən əmək müqaviləsinin
müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin
edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət
üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə
ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini
şəxsən almasına, habelə 20 min manat məbləğində pulun Hesablama
Palatasının Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin
auditi sektorunun müdiri vəzifəsində işləmiş İntiqam Hacıyev
tərəfindən rüşvət qismində alınmasına vasitəçilik etməsinə, eyni
zamanda qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul
vəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatları
keçirməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin
193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı
leqallaşdırma), 308.2, 32.5, 308.2 (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayət əməlinin
törədilməsinə köməklik etmə), 311.3.2 və 311.3.3-cü (rüşvət alma
təkrar və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham
elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İntiqam Hacıyevə isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və
311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan
edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.