Advertisement

Erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə cəzalar müəyyən edilir

Bakı. Trend:

Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı
mərasimlərin keçirilməsinə görə cəzalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında
müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan
dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ictimai iaşə obyektlərini idarə edən
şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən
evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər)
keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min
manatadək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min
manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu maddədə “erkən evlilik” dedikdə yetkinlik
yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə
yaradılan ittifaq başa düşülür.