Advertisement

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd
edilib.

Trend xəbər verir ki,
tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH
yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin
Həsənlinin anası Xatirə İsmayılova, şəhid ailələri, müharibə
iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə rayonun Digah kəndi ərazisində yerləşən
Türk şəhidlərinin uyuduğu Xatirə Kompleksini ziyarət edib,
məzarları önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad
ediblər.

Daha sonra Abşeron Mədəniyyət Evində davam etdirilən tədbirdə
Çanaqqala zəfərinə aid sərgiyə baxış keçirilib.

Sonra Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək
Çanaqqala döyüşünün türk tarixinin ən parlaq zəfərlərindən olduğunu
qeyd edib. RİH başçısı bildirib ki, azərbaycanlılar hər zaman
olduğu kimi Çanaqqala savaşında da qardaşlarına yardıma getmiş və
onlarla birgə qəhrəmancasına döyüşmüşlər.

Türkiyə-Azərbaycan qardaşlığının daimi, əbədi və sarsılmaz
olduğunu qeyd edən A.Fərzəliyev ildən-ilə xalqlarımız arasındakı bu
bağın daha da möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinə
şatdırıb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi
şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışı zamanı
Türkiyə-Azərbaycan dostluğundan söz açıb, qardaşın qardaşa daima
kömək etdiyini vurğulayıb.

Daha sonra Çanaqqala döyüşünə həsr olunmuş səhnəcik nümayiş
olunub, mahnılar səsləndirilib.

Sonda səfir Cahit Bağçı düzənlənən tədbirə görə təşəkkür edərək
bildirib ki, Çanaqqaladakı zəfər Türkiyənin Qurtuluş savaşı üçün
ilham qaynağı olub. Cahit Bağçı azərbaycanlıların Çanaqqala
savaşına qatılmasını xüsusi vurğulayaraq qeyd edib ki,
Azərbaycandan gələn qardaşlarımız canları bahasına mübarizəmizə
dəstək olublar.

“Çanaqqala cəbhəsində azərbaycanlı qardaşlarımızla birgə,
çiyin-çiyinə və fədakarcasına düşmənə qarşı savaşmışıq. Bu gün
Azərbaycan şəhidləri Çanaqqalada, Qafqaz İslam Ordusunun tərkibində
bura gələn və Azərbaycanın azadlığı uğrunda şəhid olan türk
şəhidləri isə Azərbaycanın müxtəlif bölgələrində uyuyurlar” – deyə
səfir bildirib.