
Bakı. Trend:
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika
Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Trend-ə verilən
məlumata görə, Günəş fəallığı orta səviyyədə olub, 10 santimetr
dalğa uzunluğunda radioalışmalar baş verib. Bir neçə tac kütlə
atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac
dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə
658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır
(295 km/san). Radiasiya (proton) qasırğası baş verib, geomaqnit
qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.
Günəş küləyinin sürətinin martın 20-də artacağı gözlənilir.
TKA-nın təsirilə martın 20-də G1 (zəif) geomaqnit qasırğasının
baş verməsi ehtimalı var. Həmçinin tac dəliyindən çıxan
yüksəksürətli zərrəciklər selinin martın 24-də Yerə təsiri
gözlənilir.





























