
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali
Neft Məktəbində (BANM) Çin Xalq Respublikasının “Huawei” şirkətinin
Kompüter şəbəkələri laboratoriyası istifadəyə verilib.
Trend xəbər verir ki, açılış mərasimində çıxış edən BANM-in
rektoru Elmar Qasımov laboratoriyanın Bakı Ali Neft Məktəbi və
“Huawei” şirkəti arasında 2019-cu ildə yaradılmış əməkdaşlıq
çərçivəsində şirkətin dəstəyi ilə qurulduğunu vurğulayıb. Ali
Məktəblə birgə fəaliyyət göstərən “Huawei” ICT Akademiyasının
dərslərinin də bu laboratoriyada tədris olunacağı bildirilib.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün
Hüseynova laboratoriyanın açılmasının SOCAR rəhbərliyi tərəfindən
yüksək qiymətləndirildiyini, rəqəmsallaşmanın SOCAR-ın 2035-ci
ilədək Korporativ Strategiyasında şirkətin prioritet inkişaf
istiqamətlərindən biri olduğunu qeyd edib. Aygün Hüseynova ötən il
SOCAR nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərini
məmnunluqla xatırladaraq, səfər çərçivəsində bir sıra görüşlərin
keçirildiyini, o cümlədən “Huawei” rəhbərliyi ilə səmərəli
danışıqların aparıldığını diqqətə çatdırıb.
Çıxış edən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı
Səfirliyinin müşaviri Din Tao ölkələrimiz arasındakı münasibətlərin
sürətli inkişafından, Çin şirkətlərinin Azərbaycandakı
fəaliyyətindən bəhs edib.
“Huawei” Azərbaycan şirkətinin baş meneceri David Hyu
laboratoriyanın fəaliyyətə başlamasını uğurlu əməkdaşlığın bariz
nümunəsi kimi dəyərləndirib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq BANM-də yaradılan bu
laboratoriya şəbəkələr, şəbəkə proqramlarının əsasları və
informasiya təhlükəsizliyi üzrə dərsləri tədris etmək üçün mühüm
platformadır.





























