Advertisement

“Bakı Bus” bu 3 rayona da sərnişin daşıyacaq

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin
davamı olaraq Bakı-Zaqatala, Bakı-Bərdə, Bakı-Tərtər şəhərlərarası,
paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, eləcə də 120E, 121E və
140E nömrəli ekspres avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

AYNA-dan Trend-ə verilən məlumata görə, müsabiqə “Avtomobil
nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3
aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil
nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.

Paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, 120E, 121E və 140E
nömrəli ekspres avtobus marşrutları, eləcə də “Bakı-Zaqatala-Bakı”
və “Bakı-Bərdə-Bakı” marşrutları üzrə hüquqi şəxs Bakı Bus MMC;
“Bakı-Tərtər-Bakı” marşrutu üzrə 2 hüquqi şəxs – Bakı Bus MMC və
Uğurlu Yol MMC komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq
qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən
mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində
şəffaflığın təmin edilməsidir.

Xatırladaq ki, “BakuBus” ilk olaraq paytaxtdan Sumqayıt şəhərinə
və əks istiqamətdə sərnişin daşımaları həyata keçirməyə başlayıb.
Ardınca paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə də sərnişin
daşımasını həyata keçirir. Son olaraq isə Mingəçevirə sərnişin
daşımalarına başlanılmışdı.