Advertisement

Jurnalistlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Bakı.Trend:

İyunun 12-də “İnsan hüquqları aylığı” çərçivəsində media
subyektlərinin nümayəndələri Hüquq və İnsan Haqları İnstitutunun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə
təşkil etdiyi insan hüquq və azadlıqlarının qorunması mövzusunda
keçirilən təlimlərə qatılıb.

Trend xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mediada
paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının
qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş
mənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörməti
və insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkmək,
həmçinin jurnalistlərdə peşəkar yanaşma keyfiyyətlərini təşviq
etməkdən ibarətdir.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insan
hüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsilə
maarifləndirici təlimlərdən söz açaraq bildirib ki, İnstitut təkcə
dövlət qurumlarının əməkdaşları üçün deyil, həm də bu istiqamətdə
davamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqat
tədbirləri həyata keçirir. Sədr müavini Agentlik ilə səmərəli
əməkdaşlıq nəticəsində jurnalistlərlə növbəti dəfə bir araya
gəldiklərini də diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova
tədbirin İnsan hüquqları günü ərəfəsində keçirilməsinə diqqət
çəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq və
azadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm
“Media haqqında” Azərbaycan Respublikası Qanununun, həm də
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyə
münasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini bildirib,
habelə Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçirilən
tədbirlər haqqında məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Jurnalistlərin Etik Davranış
Qaydalarının prinsipləri, BMT-nin Uşaq Hüquqları və Avropa İnsan
Hüquqları konvensiyalarının müddəaları, mediada və sosial
şəbəkələrdə insanlar arasında ayrı-seçkiliyi təbliğ edən və nifrət
nitqinin yaranmasına səbəb olacaq xəbərlərin paylaşılmasının
qarşısının alınması mövzusunda əhatəli təqdimatlarla çıxış
ediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar
cavablandırılıb, kazuslarla bağlı maraqlı təkliflər səsləndirilib
və təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim
olunub.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu 18 may-18 iyun
“İnsan hüquqları aylığı” çərçivəsində Medianın İnkişafı Agentliyi
ilə birgə insan hüquqları mövzusunda jurnalistlər üçün
maarifləndirmə yönümlü ictimai çağırış kampaniyasına start verib.
Kampaniyanın sosial media üçün nəzərdə tutulmuş ilk posterində
nifrət nitqi ilə bağlı ictimai çağırış yer alıb.