
SƏS Media Qrupu və Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr
olunmuş tədbir keçirilib.
Trend xəbər verir ki, tədbir
Ümummilli Lider Heydər Əliyevin, Vətən müharibəsində canından keçən
şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və
Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə ictmai-siyasi xadimlər, tələbələr və media
nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, professor Ədalət
Muradov 15 iyun Qurtuluş Gününün tarixi barədə danışaraq, günün
əhəmiyyətini vurğulayıb: “Ulu Öndər Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra sübut etdi
ki, tarixi dəyişmək mümkündür. Lakin dünyada bunu bacaran çox az
sayda şəxsiyyətlər var ki, onlardan biri də məhz Ümummilli Lider
Heydər Əliyev olmuşdur. 1993-cü il 15 iyun tarixində Ulu Öndər Ali
Məclisin sədri seçilən zaman Azərbaycanın gələcək inkişafının
təməlini qoydu. Həmin dövrdə Azərbaycan ciddi təhlükələrlə üz-üzə
idi. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın qarşısında duran
əsas vəzifə bu müstəqilliyi qoruyub saxlamaq idi. Müstəqilliyimizin
itirilməsinə az bir məsafə qalmışdı ki, Ulu Öndər hakimiyyətə
gələrək, dövlətimizin müstəqilliyini qorudu və ölkənin inkişafının
dönməzliyini təmin edən əsasları yaratdı. Qarşıya qoyulan
strategiyanın reallaşdırılması nəticəsində ən güclü və xoşbəxt
dövlətlərdən birini qura bildik.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Ulu Öndərin görmək
istədiyi Azərbaycanı bugünkü Prezident, Ali Baş Komandan İlham
Əliyev bizə bəxş etdi. Azərbaycanın bugünkü uğurlarının əsası məhz
Qurtuluş Günündə qoyulub”.
Çıxış edən millət vəkili Rəşad Mahmudov gəncliyin hər zaman
cəmiyyətin nə istədiyini dərk edə biləcək səviyyədə olmasının
vacibliyini bildirib: “Gənclik dünyada baş verən prosesləri
müqayisə edərək, qərar verməyi və cəmiyyəti inkişafa aparmağı
bacarmalıdır. Azərbaycanın 1993-cü il 15 iyuna qədərki dönəmini
həmin dövrün gənc vətəndaşı olaraq siyasi, iqtisadi tənəzzül dövrü
kimi xatırlayıram. Ölkə daxilində hərc-mərclik hökm sürürdü və
ciddi gərginlik müşahidə olunurdu. Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə dövlətimiz yenidən çiçək açaraq inkişaf
etməyə başladı. Ümummilli Lider bizə şərəfli bir tarix yolunu miras
qoydu və hər birimizin borcudur ki, bu yolu şərəfli şəkildə davam
etdirək. Bu gün biz torpaqlarını azad etmiş, suverenliyini bütün
ərazisində bərpa etmiş dövlətin vətəndaşlarıyıq. Bu uğurların
təməli isə məhz Ulu Öndər tərəfindən qoyulub və bu gün Heydər
Əliyevin ruhu şaddır. Çünki biz müstəqil, suveren dövlət olaraq
durmadan inkişaf edir, dünyada sözünü deyən dövlətə çevrilmişik” –
deputat bildirib.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və 91-lərin üzvü
Tahir Məmmədov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb: “Moskvaya
göndərişlə gedib, təhsil aldığım dövrlərdə Ulu Öndər Heydər Əliyev
də orada idi. Ümummilli Lider həmin dövrdə SSRİ-nin rəhbərlərindən
biri kimi fəaliyyət göstərir. Mən orada Heydər Əliyevə qarşı
tələbələrdən, cəmiyyətdən böyük sevgi görsəm də, SSRİ rəhbərləri
Ulu Öndərə, Onun fəaliyyətinə qısqanclıqla yanaşırdılar. Ulu Öndər
rus dilində ruslardan daha yaxşı danışır, müdrikliyi, savadı və
faəliyyəti ilə hər zaman seçilir və sevilirdi. Onun atdığı
addımların, qoyduğu güclü təməlin nəticəsidir ki, bu gün biz
müstəqil və suveren dövlətdə xoşbəxt həyat sürürük. Ulu Öndərin
varisi cənab İlham Əliyev Xankəndində üçrəngli bayrağımızı
qaldıraraq, bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın bir
parçasıdır”.
SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, 15 iyun
tarixi Azərbaycan dövlətçiliyi tarixində çox ciddi dönüş nöqtəsi
olub: “Təqdim olunacaq film də məhz iki hissədən ibarətdir: birinci
hissə 15 iyun Qurtuluş Gününə qədərki, ikinci hissə isə Qurtuluş
Günündən sonrakı dövrü əhatə edir. Ulu Öndər elə bir dönəmdə xalqın
təkidi ilə hakimiyyətə gəldi ki, o dövrdə dövlətin və xalqın çətin
günlərdən xilas edilməyə ehtiyacı var idi. Buna görə də keçdiyimiz
bu tarixi hər zaman yazılarımızda, bədii ədəbiyyatda və filmlərdə
canlandırmalıyıq.
Ulu Öndər siyasi lider olaraq bir sözü, baxışı, hərəkəti ilə
qarşısındakına lazımi cavabı verir, fikrini bildirirdi. Eyni
zamanda Ümummilli Lider Heydər Əliyev hər kəslə öz dilində
danışmağı, dost olmağı bacarırdı. Azərbaycan dövlətinin qəlbi hər
zaman dahi, qəhrəman oğlu Ulu Öndər Heydər Əliyev ilə döyünür.
Ulu Öndər həm də öz ailəsində sərkərdə, qəhrəman böyütmüşdü. Hansı
ki, gələcəkdə həmin sərkərdə, Prezident İlham Əliyev Azərbaycanın
suverenliyini bütün ölkə ərazisində təmin edərək, dünyaya gücümüzü
göstərdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki biz azad, müstəqil
və suveren Azərbaycanın vətəndaşlarıyıq”.
Tədbirin sonunda SƏS Media Qrupu tərəfindən 15 iyun Milli
Qurtuluş Gününə həsr edilmiş “Xalqın taleyini dəyişən zəfər günü”
filminin təqdimatı keçirilib.





























