
Bakı. Trend:
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri
çərçivəsində Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanın
sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı
olub.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat
verilib.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli,
özbəkistanlı həmkarı Ozodbek Nazarbekov, iki ölkənin tanınmış
mədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkənin
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərginin birinci hissəsi Azərbaycan Milli İncəsənət Muzeyində
qorunan peşəkar Azərbaycan qrafikasının banisi Əzim Əzimzadənin XX
əsrin əvvəllərində yaratdığı əsərlərini əhatə edir. Qrafik
əsərlərin bədii interpretasiyaları muzey fondunun unikal
eksponatları əsasında işlənib.
Həmçinin son 20 il ərzində toplanan şəxsi kolleksiyadan 27 ədəd
XVIII-XX əsrlərə aid kəlağayı təqdim edilib, “Azərxalça” ASC-nin
xalçaları nümayiş olunub.
Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik,
misgərlik, şəbəkə üzrə əl işləri sərgilənib. Sənətkarlar əl
işlərinin hazırlanması prosesini əyani şəkildə nümayiş
etdiriblər.
Ənənələrin yaşaması ideyası həmin məkanda təqdim olunan “Adi
şəhər” adlı fərdi fotosərgidə də yer alıb.
Daha sonra qonaqlar “ATİDE” və “Anara Zakirli” geyim brendlərinin
nümayişini izləyiblər.
“ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin
müəllifi istedadlı modelyer Aida Kahvecidir.
Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi deyil.
Məqsəd ana və nənələrimizin sandığında qədimdən qalan milli
geyimlərimizi müasir moda ilə birləşdirərək Azərbaycanın mədəni
irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
Təqdim olunan “Şamaxı” geyim kolleksiyası Azərbaycanın qədim
şəhərlərindən olan Şamaxının adını daşıyır.
Azərbaycan brendi “Anara Zakirli” isə 2018-ci ildə təsis edilib.
Müəllifi istedadlı modelyer Anara Zakirli olan brendin
yaradılmasında məqsəd Azərbaycanın milli xalça ornamentlərini
müasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaq, Şərqin və
Qərbin ahəngində parlayan ölkəmizin mədəniyyətini dəbli geyimlərlə
hər kəsin diqqət mərkəzinə çəkməkdir.
Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur
“Əfşan” xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdu
Azərbaycanın al-əlvan rəngli milli ornamentlərini özündə əks
etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə
edilib.
Kolleksiyada təqdim olunan hər bir işin arxasında əsrlik tarix,
sirli hekayələr, incə əl işi və ucsuz-bucaqsız təxəyyül
dayanır.
Azərbaycan xalq mahnılarının müşayiətində təqdim edilən tarix
yadigarları, xalça və digər əl işləri ziyarətçilərdə zəngin
təəssürat yaradır.




























