Bakı. Trend:
Şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı
olan şəxs qismində uçotun saxlanılması ilə bağlı qanuna dəyişiklik
edilir.
Trend-in məlumatına görə, bu barədə məsəlı Milli Məclisin Əmək
və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə
edilən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsində qeyd edilir ki, şəhid ailələrinin sosial
müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması
ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial
müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial
qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də
dövlətin xüsusi nəzarətindədir.
Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış
sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı
dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım
olaraq dəyərləndirilməlidir.
Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə
ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü
vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində
uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin
uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması
ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Bu xüsusda, sözügedən qanun layihəsi məhz həmin kateqoriyaya aid
olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış
sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ
tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.





























