Advertisement

“Azərbaycan Hava Yolları” QSC “CANSO GreenATM” ekoloji akkreditasiya proqramına qoşulacaq

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya”
Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sahəsində ekoloji
məsuliyyətin artırılmasına yönəldilmiş nüfuzlu “CANSO GreenATM”
akkreditasiya proqramının üzvü olmaq niyyətini nümayiş etdirən
Anlaşma Memorandumu imzalayıb. AZANS dayanıqlılığa sadiqliyini
göstərmək üçün proqram çərçivəsində akkreditasiyadan keçəcək.

“GreenATM” proqramına qoşulmaq üçün sənədi AZAL-ın prezidenti
Samir Rzayev və CANSO-nun baş direktoru Saymon Hokkard
imzalayıblar.

Bu mühüm addım iyunun 11-dən 13-nə kimi Bakıda keçirilən
Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik
Ümumi İclası çərçivəsində atılıb.

“CANSO GreenATM” proqramı aeronaviqasiya xidmətləri
təchizatçılarına ekologiya ilə bağlı səylərinin müstəqil beynəlxalq
akkreditasiyasını təqdim edir. Təchizatçıların fəaliyyəti onların
ətraf mühitə təsiri və tullantıların azaldılması ilə bağlı
təşəbbüsləri əsasında qiymətləndirilir. Akkreditasiya prosesi hava
gəmilərinin yerdə, aerodrom zonasında və uçuş marşrutunda idarə
olunmasını, eləcə də infrastrukturu əhatə edir. Qiymətləndirmə
ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin effektivliyini
təsdiq edən proqramın beş səviyyəsi üzrə aparılır.

“Bu proqramda iştirak aviasiyanın Azərbaycanın ətraf mühitinə
təsirinin azaldılmasına təşəbbüs göstərdiyimizi əks etdirir.
Akkreditasiyanın fəaliyyətimiz və daha geniş auditoriya üçün müsbət
təsirlərini səbirsizliklə gözləyirik. Bu hadisənin 2024-cü ilin
noyabrında Bakıda keçiriləcək COP29-dan əvvəl baş tutması bizim
üçün mühüm nailiyyətdir”, — deyə AZAL-ın prezidenti Samir Rzayev
sənədin imzalanması mərasimində bildirib.

“GreenATM” konsepsiyasını qəbul etməklə “Azəraeronaviqasiya” HHİ
dayanaqlı inkişaf məsələləri üzrə dialoqu təşviq edərək və aviasiya
sahəsinin digər maraqlı tərəflərini anoloji təşəbbüsləri həyata
keçirməyə həvəsləndirərək nümunə göstərməyə çalışır.

“Biz “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə və “Azərbaycan
Hava Yolları” QSC-yə “CANSO GreenATM” proqramına qoşulmaq üçün fəal
yanaşmalarına görə minnətdarlığımızı bildiririk. Onların bu
proqramda iştirak üçün göstərdiyi səyləri hava hərəkətinin qlobal
idarə edilməsi məsələsində daha dayanıqlı gələcəyə nail olmaq
yolunda vacib addımdır”, — deyə Saymon Hokkard çıxışında
vurğulayıb.

Dünyanın diqqəti iqlim dəyişikliyi probleminin həllinə yönəldiyi
bir vaxtda AZANS-ın “GreenATM” proqramına tərəfdar çıxması aviasiya
sahəsinin davamlı inkişafla bağlı qlobal məqsədlərinə çatmaqda
mühüm rol oynadığını vurğulayır.

Bu təşəbbüs təkcə ətraf mühitin mühafizəsini dəstəkləmir, həm də
hava hərəkətinin davamlı idarə edilməsi sahəsində gələcək birgə
səylər üçün əhəmiyyətli töhfə verir.