
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ilin may ayında 625
mindən çox sərnişinə xidmət göstərib. Bu rəqəm 460 min sərnişinin
daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
May ayında 14-ü aşağıbüdcəli (loukoster) olmaqla, 34 aviaşirkət
4905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin
dövriyyəsinin 55%-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli
aviadaşıyıcının payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314
mindən çox, “Azərbaycan Hava Yolları” isə 252 min sərnişin daşıyıb.
Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət
göstərilib.
Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub
– 2023-cü ilin may ayı ilə müqayisədə 2 dəfə artaraq 29,7 min nəfər
təşkil edib.
Bu ilin may ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər
sırasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Ankara,
Şarja, Dehli, Sankt-Peterburq və Doha şəhərləri olub. Bu
istiqamətlərdə 354 mindən çox sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün
sərnişinlər üçün maksimum rahatlıq və yüksək keyfiyyətli xidmət
göstərməyə çalışaraq infrastrukturunu təkmilləşdirməkdə və marşrut
şəbəkəsini genişləndirməkdə davam edir.





























