Advertisement

Şəhid ailə üzvlərinin mənzil növbəsinə durma hüququ artırılır

Bakı. Trend:

Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi
mənzillə təmin olunub. Proses, demək olar ki, yekunlaşmaq üzrədir.
Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün
vətəndaşlarımız mənzillə təmin olunacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin iclasında komitə sədri Musa Quliyev “Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”
qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, müəyyən hallarda qanunda nəzərdə
tutulmayan məsələlər də ortaya çıxırdı.

“Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət
əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən
dünyasını dəyişirdisə, onun ailə üzvləri həmin növbədən avtomatik
çıxarılırdı. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə
aradan qaldırdıq. Bütün ailə üzvlərinə şamil olundu ki, onların
ailə üzvləri mənzil növbəsinə yazılsın.

Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da
müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə
olunub və qanunvericiliyə müvafiq düzəlişlər edilib.

Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirdisə, şəhidin
övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola
bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna
malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan
ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”, – deyə o əlavə
edib.