Advertisement

Yol polisi valideynlərə müraciət etdi

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi “Son Zəng”lə bağlı müraciət
yayıb.

BDYPİ-dən Trend-ə verilən məlumatda bildirilir ki, ötən illərin
təcrübəsi göstərir ki, bir sıra hallarda şagirdlər “Son zəng” günü
valideynlərinə, yaxud qohumlarına məxsus avtomobillərdən istifadə
edərək əyləncə məqsədilə sükan arxasına əyləşirlər.

“Lakin unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ
olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin
icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara
yol verilməsi olduqca təhlükəli əməldir.

Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan
övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə
hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.
Təəssüf ki, bəzən səhlənkarlığa yol verən valideynlərə rast gəlinir
ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır
faciələr yaşanır.

Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda
hər bir uğurunuz valideynləriniz və cəmiyyətimiz üçün çox vacibdir.
Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və
başqalarının həyatına da dəyər vermiş olursunuz.

Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can
sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər
arzulayırıq!”, – deyə məlumatda qeyd edilib.