Advertisement

Binəqədidə içərisində 340 min manat olan seyf oğurlanıb: dəstə üzvləri ələ keçib (FOTO)

Bakı. Trend:

Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min
manat olan seyf oğurlanıb.

Trend DİN-ə istinadən xəbər
verir ki, hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi
dərhal araşdırmalara başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan
dəstənin üzvləri – 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı
1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci
il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları
1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova
müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə
saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu
Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna
apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün
sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə
əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan
pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil
alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir
hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan
şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir
qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar
davam etdirilir.