Advertisement

İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olub?

Bakı. Trend:

İyun ayının ötən dövrü ərzində, 1-13 iyun tarixlərində
bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda hava şəraiti
fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi günlərdə yağıntılar
leysan xarakterli intensiv olub, dolu düşüb, əksər bölgələrdə
yağıntılar ötən ilin eyni dörü ilə müqayisədə daha çox qeydə
alınıb.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
rəisi Nazim Mahmudov bildirib.

“Belə ki, yağıntının miqdarında ən çox artım olan bölgələr
Quba-Qusar və Mərkəzi Aran rayonlarıdır ki, bu ərazilərə aylıq
normanın 135-155%-i qədər yağıntı düşüb.”

Xidmət rəisinin sözlərinə görə, ötən ilin iyun ayında bölgələrdə
43 dolu hadisəsi baş vermişdisə, bu ilin iyun ayının ötən
günlərində 42 dolu hadisəsi qeydə alınıb. Bu da dolu prosesinin
intensivliyinin göstəricisidir.

“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində havanın
temperaturu 4-7.2 dərəcə iqlim normasından çox olub. Maksimal
temperatur Bakıda və Abşeron yarımadasında 36, bölgələrdə isə 39
dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal
sürəti 27 m/s, bölgələrdə isə 34 m/s-yə çatıb”.

N.Mahmudov bildirib ki, qarşıdan gələn bayram günlərində ölkə
ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi
dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı
var.

“Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara
tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı
xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava
proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil
yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik
qaydalarına ciddi əməl etməl etsinlər”.