Bakı. Trend:
Sabah azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətləri üçün
müraciətlərin qəbulu başa çatır.
Trend xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin bu şanlı tarixi prosesdə
daha yaxından iştirakını təmin etmək üçün azad edilmiş ərazilərdə
məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə
başlayır.
Layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun
olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz
xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin
nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə
fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar
xidmət göstərəcək.
Buraya səyyar tibbi xidmət (müayinə və s.), fiziki məhdudiyyətli
uşaqlar üçün təlimlər, məktəblilər üçün intellektual oyunlar, peşə
seçimi təlimləri, asudə vaxtın səmərəli təşkili, şəhid ailələrinin
üzvləri üçün psixoloji xidmət, məşğulluğun və peşə hazırlığının
artırılması təlimləri, ustad dərsləri, ekoloji maarifləndirmə, mina
və partlamamış hərbi sursatlardan, vəhşi heyvanlardan qorunma kimi
mövzularda sayıqlılığın artırılması təlimləri kimi səyyar xidmətlər
daxildir.
Azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətlərinin iyul
ayında reallaşdırılması planlaşdırılır.





























