Advertisement

CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb

Bakı. Trend:

Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi
İclası çərçivəsində 5 min nərə balığı körpəsinin təbii yaşayış
mühitinə buraxılması mərasimi keçirilib. Neftçalada baş tutan bu
təşəbbüs Xəzər hövzəsində nəsli kəsilməkdə olan nərə balığı
populyasiyasının bərpası məqsədilə həyata keçirilib.

Tədbirdə AZAL, AZANS və CANSO-nun nümayəndələri, həmçinin sammit
iştirakçılarının ailə üzvləri iştirak ediblər. Qurumların birgə
səyləri Xəzər dənizinin ekosisteminə uzunmüddətli müsbət təsir
göstərməyə yönəlib. Həmçinin bu təşəbbüs onların yeni
əməkdaşlığını, ətraf mühitə qayğısını və biomüxtəlifliyin
qorunmasına sadiqliyini nümayiş etdirir.

Nərə balığı Xəzər dənizinin ekosistemində özünəməxsus yer tutur.
O, həm də dünyanın ən çox sevilən təamlarından biri olan kürünün
mənbəyidir.

Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-nə kimi Ümumdünya
Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası
keçirilib. Tədbirdə 80-dən çox ölkədən 300-ə yaxın mülki aviasiya
üzrə rəhbər şəxs iştirak edib.

Ekoloji dayanıqlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarlar
qəbul etmək, bilik mübadiləsi və məhsuldar dialoqlar aparmaq üçün
hava hərəkəti idarə edilməsi sahəsinin dünya liderlərinin diqqətini
cəlb etmək məqsədi daşıyıb.