Advertisement

“Leonardo Art School Baku” tələbələrinin sərhədsiz fantaziyası – Bakıda keçirilən sərgidə parlaq rənglərin ardıcıllığı (FOTO)

Bakı. Trend:

Bakıda yerləşən “1969” qalereyasında “Leonardo Art School Baku”
incəsənət məktəbinin tələbələrinin əsərlərindən ibarət sərginin
açılışı olub.

Trend xəbər
verir ki, tədris ilinin yekunlarına əsasən təşkil olunmuş sərgi
“İncilər Aləmi” adlanır. Sərgidə gənc rəssamların tədris ili
ərzində yaratdıqları ən yaxşı əsərləri nümayiş olunur.

Sərgilənən əsərlər “Leonardo Art School Baku” pedaqoqlarının
diqqətli rəhbərliyi altında tələbələrin öz yaradıcı potensiallarını
inkişaf etdirdiyi, özləri üçün rəsmdə yeni texnikaları kəşf etdiyi,
düşüncə azadlığı, kompozisiya həlli, parlaq rənglərin ardıcıllığı
ilə insanı heyrətə salan əsərlər yaratdığını nümayiş etdirir.

“Leonardo Art School Baku” tələbələrinin fantaziyası
sərhədsizdir, hər bir əsər izləyicilərə ilıq və parlaq emosiyalar
bəxş edən heyrətamiz və parlaq dünyadır.

Sərginin açılışında çıxış edən “1969” rəsm qalereyasının
rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, rəssam Elçin
Orucov sərgiyə “Leonardo Art School Baku”nun 40-dan çox
yetirməsinin 80-dən yuxarı əsərinin daxil olduğunu qeyd edib.

“Qalereyamızın zalında bütün dünyada tanınan Azərbaycan
rəssamlarının – Tahir Salahovun, Mikayıl Abdullayevin, Vəcihə
Səmədovanın, Maral Rəhmanzadənin və başqalarının əsərlərindən
ibarət sərgilər keçirilib. Fikrimcə, burada gənc rəssamların –
“Leonardo Art School Baku”nun tələbələrinin əsərlərindən ibarət
sərginin keçirilməsi onlar üçün incəsənəti daha çox öyrənməsi, rəsm
çəkməsi, öz istedadını inkişaf etdirməsi, öz üzərində işləməsi üçün
stimul və motivasiya olacaq.

“Leonardo Art School Baku”nun təsisçisi Nərminə Həsənovaya və
məktəbin müəllimlərinə uşaqlarda və yeniyetmələrdə incəsənətə sevgi
aşıladıqlarına, maraq yaratdığlna, onları yaradıcılığa
həvəsləndirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm”, –
Elçin Orucov deyib.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor
Ağaəli İbrahimov artıq ikinci ildir ki, “Leonardo Art School Baku”
tələbələrinin əsərlərindən ibarət sərgini ziyarət etdiyini və
dəyişilməz olaraq əsərlərin müəlliflərinin istedadı və
səmimiyyətinə heyran olduğunu vurğulayıb.

“Sevindirici haldır ki, uşaqlar Avropa rəssamlıq məktəbi,
Vinsent van Qoq, Pol Qogenin, Anri Matis və bir çox digər tanınmış
rəssamların əsərləri ilə tanışdır. “Leonardo Art School Baku”nun
gənc istedadları tanınmış fırça ustalarının əsərlərindən
ilhamlanaraq əsərlər yaratması, onlardan bəzilərinin sərgiyə daxil
olması diqqətəlayiq haldır. Bir rəssam olaraq mənim üçün yetişməkdə
olan gənc nəslin əsərlərindəki kompozisiya həlli, məna, baxış
maraqlıdır və əlbəttə ki, onların səmimiyyəti, yaradıcı təzahürdəki
sərbəstliyi insanı valeh edir. Mən “Leonardo Art School Baku”nun
müəllimləri ilə görüşdüm. Onlara böyük əhsən düşür. Yetişməkdə olan
nəslin istedadlı, incəsənəti sevən və öz işinə sadiq olan
müəllimlərlə məşğul olmaq, onlardan öyrənmək imkanı var”, –
Azərbaycanın Xalq rəssamı deyib.

Şair, publisist Fəxrəddin Meydanlı qeyd edib ki, uşağa hər
hansısa sahədə dərs deyəndə və onu yönəldəndə bu işə ilk növbədə
sevgi qatmaq lazımdır.

“Mən tez-tez rəsm sərgilərini ziyarət edirəm və “İncilər Aləmi”
sərgisi məndə böyük təəssürat yaratdı. Şübhəsiz, bu qədər gənc
istedadlarımızın olması sevindirici haldır. Gənc müəlliflərin
əsərləri diqqətimi cəlb etdi. Sərgini – həm qalereyanın ab-havası,
həm də sərgi məkanının tərtibatını çox bəyəndim. “Leonardo Art
School Baku”ya fəaliyyətlərində böyük uğurlar arzulayıram və qoy bu
kimi tədbirlər mümkün qədər çox olsun”, – Fəxrəddin Meydanlı
deyib.

Sərginin rəsmi açılışından sonra tədbirin qonaqları hər bir
əsəri aşkar maraqla izləyirdi, sanki müxtəlif dünyalara sehrli
səyahətlər edir, gənc rəssamlar isə onlara bələdçi olurdu.

Belə ki, yeddi yaşlı Əhməd Məmmədzadənin “Alisa Möcüzələr
Diyarında” əsərinə baxan izləyici özünü çoxlu kilidli qapıları olan
Ağ Dovşanın yuvasında “tapır”, səkkiz yaşlı Leyla Quliyeva isə
zebraların və fillərin yaşadığı savannada gəzişməyi “təklif edir”,
onun həmyaşıdı Selin Kərimova isə insanı əfsanəvi su pərilərinin
yaşadığı su hövzələrinin dərinliklərinə qərq edir.

Beləliklə, bir möhtəşəm əsərdən digərinə keçid edən izləyicilər
özlərini müxtəlif – xəyali, əyləncəli və nağıl aləmlərində
tapırlar. Rəssamların əsərləri böyükləri uşaqlıq illərinə qaytarır,
onlara sevinc, xoşbəxtlik və səmimi uşaqlıq duyğuları ilə dolu bu
gözəl çağları xatırladır.

“Leonardo Art School Baku”nun pedaqoqu Əminə Rəcəbəliyevanın
sözlərinə görə, hər akademik ilin sonunda yekun sərgi
keçirilir.

“Biz kreativliyi inkişaf etdirir, müxtəlif texnikalara
fokuslanırıq. Çox gənc tələbələrimiz flomasterlə rəsm çəkməyi
xoşlayır, lakin böyüdükcə akvarel, akril boyaları daha çox
sevirlər.

Uşaqların məktəbimizin proqramı üzrə məşğul olmaq, müxtəlif rəsm
texnikalarını öyrənmək, daha sonra işləmək, incəsənət, rəssamlar və
rəngkarlıq tarixi barədə mümkün qədər çox öyrənmək imkanının olması
möhtəşəmdir”, – o deyib.

Leonardo Art School Baku”nun yetirməsi, 10 yaşl Melissa Hacıyeva
böyük ilhamla rəsm çəkdiyini deyib.

“Leonardo Art School Baku”da oxuduğum ikinci ildir, məşğələlərdə
iştirak etmək, yeni şeylər öyrənmək çox xoşuma gəlir.
Müəllimlərimiz möhtəşəmdir, öz təcrübə və biliklərini bizimlə
bölüşdükləri üçün onlara minnətdaram. Sərgidə iki əsərim nümayiş
olunur, biri Novruz bayramına, digəri isə dəniz mövzusuna həsr
olunub. Həm birinci, həm də ikinci əsərimdə qadın obrazı yer alır”,
– gənc rəssam deyib.

Səkkiz yaşlı Adil Bağırov rəsm çəkməyi çox sevdiyini və hər dəfə
növbəti rəssamlıq dərsini səbirsizliklə gözlədiyini vurğulayıb.

“Leonardo Art School Baku”da məşğələləri ziyarət etmək çox
xoşuma gəlir, hər dərsi səbirsizliklə gözləyirəm. Artıq üç ildir
ki, məşğul oluram, əsərlərimdə, adətən, insanlar, mənzərələr və
heyvanları təsvir edirəm. “Leonardo Art School Baku”da bizə
incəsənətdən, tanınmış rəssamlar və onların yaradıcılıq yolundan
bəhs olunması çox xoşuma gəlir. Yeni bir şey öyrənmək o qədər
maraqlıdır ki”, – deyə Adil Bağırov əlavə edib.

Qeyd edək ki, sərgiyə 4-13 yaş arası gənc müəlliflərin əsərləri
daxil olub.

“Leonardo Art School Baku” gənc istedadların öz bacarıq,
kreativlik və assosiativ təfəkkürünü kəşf edərək inkişaf
etdirdikləri gözəl tədris və yaradıcılıq məkanıdır. Tədris ilinin
sonunda nümayiş olunan yekun sərgi və buradakı əsərlər tələbələrin
əldə etdikləri bilik və bacarıqları əyani şəkildə göstərir.

Həmçinin, qeyd edək ki, “Leonardo Art School Baku” tələbələrin
mərhələli yaradıcı inkişafı üçün beş əsas kursdan istifadə edir.
Hər bir tədris ili “Leonardo Art School Baku” tələbələrinin ən
yaxşı əsərlərinin illik ekspozisiyası ilə başa çatır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun