Advertisement

Dərman vasitələrinin və vaksinlərin istifadəsində yaranan əlavə təsirlər haqqında tətbiq yenilənib

Bakı. Trend:

Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin
bildirilməsi və vaksinlərin istifadəsi zamanı yaranan arzuolunmaz
halların bildirilməsi üçün mobil tətbiq hazırlanıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzindən məlumat verilib.

Bildirilib ki, artıq bu iki ayrı tətbiq vasitəsi ilə dərmanlar
və vaksinlər barədə dərhal bildirişlər göndərmək mümkündür. İşlənib
hazırlanmış tətbiqlərin üstünlüyü internet şəbəkəsinə qoşulmadan
(off-line) bildirişi doldurmaq imkanının və Azərbaycan, rus və
ingilis dilində olmasıdır.

Tətbiqlər vasitəsi ilə vətəndaşlar, tibb işçiləri (həkimlər, diş
həkimləri, əczaçılar və immunizasiya proqramına cavabdeh şəxslər),
pasiyentlər və pasiyent baxıcıları bildirişləri rahatlıqla Mərkəzə
göndərə bilərlər. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən
etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər
təhlükəsiz etmək məqsədilə Analitik Ekspertiza Mərkəzi tərəfindən
nəzarət ediləcək.